Moskvada Azərbaycan məhsullarının nümayiş olunduğu növbəti guşə açılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan nemətləri” layihəsi çərçivəsində Moskvanın daha bir “Tvoy dom” hipermarketində müxtəlif növ Azərbaycan məhsullarının satışının həyata keçiriləcəyi növbəti guşə açılıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, guşədə Azərbaycan istehsalı olan şərablar, müxtəlif növ şirələr, zeytun yağları və sair məhsullar alıcılara təqdim edilir. 2019-cu ildən həyata keçirilən “Azərbaycan nemətləri” layihəsi çərçivəsində açılan bu guşə sayca altıncıdır. Bundan əvvəl isə layihə çərçivəsində Azərbaycan məhsullarının təqdim olunduğu bu cür guşələr Moskva, Yekaterinburq və Voronej şəhərlərində yerləşən ticarət məkanlarında fəaliyyət göstərib.