MOSKVADA “İSLAM TERRORÇULUĞA QALİB GƏLƏCƏK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada dünyanın hər yerindən gəlmiş nüfuzlu müsəlman ruhani liderlərinin iştirakı ilə “İslam terrorçuluğa qalib gələcək” mövzusunda konfrans keçirilmişdir. Konfransı 2006-cı ildə yaradılmış “İslam mədəniyyətinə, elmə və təhsilə dəstək fondu” qeyri-kommersiya təşkilatının başçısı Yevgeni Primakov açmışdır. İştirakçılar Fondu dəstəkləyən RF Prezidentinin və RF hökuməti sədrinin konfransa ünvanlanmış təbrik teleqramlarını hərarətlə qarşılamışlar.
Çıxışlarda vurğulanmışdır ki, dünya müsəlmanlarının liderlərinin Moskvada toplaşmasından məqsəd islamın harada“qurtardığını”, Quran ayələrinin təriqətçi mövqelərdən təfsirlərinin və müqəddəs kitabın ideyalarından qərəzli məqsədlərlə istifadənin haradan başlandığını müəyyən etməkdir. Qeyd edilmişdir ki, gənclərin bütün dünyanı dindarlara və kafirlərə bölməyi təklif edən bəsit moizələrə uymaması üçün Quranın bu və ya digər kəlamlarının təfsiri və konfransın nəticələrinin dindarlara çatdırılması məsələlərində vahid mövqenin formalaşdırılması zəruridir. Dinlərarası dialoqun genişləndirilməsini və bütün dünya dinlərinin dinc yanaşı mövcud olmasının vacibliyi xüsusi vurğulanmışdır.
İslamda müxtəlif istiqamətlərin və cərəyanların nümayəndələrinin iştirak etdiyi konfransın yekunlarına əsasən qətnamə qəbul edilmişdir. Konfrans iştirakçılarının fikrincə, bu tədbir 2004-cü ildə Beslanda törədilmiş terror aktından dərhal sonra qəbul edilmiş və dini ekstremizm mövzusunda ritorikaya qarşı mübarizədə güclü silaha çevrilmiş məşhur Oman müraciətnaməsinin ənənələrinin davamıdır. Birgə qətnamədə xüsusi vurğulanır ki, insanın həyatına və ləyaqətinə qəsd edilməsi ağır günahdır və günahsız insanların qatilləri şəhid sayıla bilməz. Bundan əlavə, terrorçuluğun sponsorlarının pislənilməsi vacibdir. İnsanları qətlə yetirmək üçün pul ayrılmasına haqq qazandıra biləcək məqsəd yoxdur.
Konfransın keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmiş Rusiyanın mühüm rolu sənəddə xüsusi vurğulanmışdır. İslam liderləri Oman müraciətnaməsini yüksək qiymətləndirərək bildirmişlər ki, bu sənəddə sivilizasiyaların toqquşması prinsipi deyil, tolerantlıq və dialoq prinsipi təsbit olunmuşdur. Nadanlıq, təcridçilik, ailə dəyərlərinin itirilməsi, zövqlərin korlanması kimi hallara qarşı mübarizə məqsədi ilə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dialoqunu dəstəkləyən Səudiyyə Ərəbistanı kralının təşəbbüsü də bəyənilmişdir.