MOSKVADA “RƏQS EDƏN FƏVVARƏLƏR” ŞOUSU AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada, Ümumrusiya Sərgi Mərkəzinin ərazisində dünyanın ən nadir şoularından biri - “Rəqs edən fəvvarələr” şousu açılmışdır.
Moskvalılar sentyabrın 7-dək çərşənbə-bazar günləri arası hər axşam işıq, musiqi, su və rəqs dünyasına fantastik səyahətə çıxacaqlar. 20 min su şırnağı bir-birini əvəzləyən əcaib ehramlar, günbəzlər, şarlar, zanbaqlar və şəlalələr yaradır. Su feeriyasını qeyri-adi lazerli tamaşa, süni duman, su ekranlarında videoproyeksiya, xüsusi pirotexnika effektləri, rəqs və musiqi şousu müşayiət edir. Şouda Pavel Ovsyannikovun rəhbərliyi altında “XXI əsr” simfonik orkestri, “Vişnunun göy qurşağı” lazerli rəqs şousu, Böyük Teatrın opera və balet solistləri, Rusiyanın və xarici ölkələrin estrada ulduzları çıxış edirlər. Gündüzlər fəvvarələr Ştraus, Çaykovski, Qriq, Vangelis, Verdi və Mosart musiqisinin sədaları altında rəqs edəcəklər. Axşamlar isə tamaşaçılar “Dünya rəqsləri”, “ROCK ünsür”, “Suyun sirləri”, “Radio Alla” adından qürubun seyrinə dəvət” və “Su simfoniyası” proqramlarında səslənən müasir kompozisiyalardan zövq alacaqlar.