MOSKVADA RUSİYA FEDERASİYASININ PREZİDENTİ DMİTRİ MEDVEDEVİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti seçilmiş Dmitri Medvedev mayın 7-də rəsmən vəzifəsinin icrasına başlamışdır.
Böyük Kreml sarayında Dmitri Medvedevin təntənəli andiçmə mərasimi keçirilmişdir. O, bu il martın 2-də prezident seçkilərinin elə ilk turunda inamlı qələbə qazanmışdır.
Rusiya tarixində hakimiyyətin fəaliyyətdə olan Prezidentdən seçilmiş Prezidentə təhvil verilməsi mərasimi ilk dəfə keçirilirdi.
Sabiq Prezident Vladimir Putin mərasimdə xeyir-dua nitqi söyləmişdir. Öz xalqına sədaqətlə xidmət etmək barədə vədinə əməl etdiyini vurğulayan V.Putin dedi ki, dövlət hakimiyyətinin rəmzlərini D.Medvedevə verməklə, ona uğurlar və nailiyyətlər arzulayır. Putin ölkənin yeni Prezidentini dəstəkləməyə çağırmışdır.
Sonra Prezident Dmitri Medvedev əlini Rusiya Federasiyasının Konstitusiyasının üstünə qoyaraq and içdi, Konstitusiyanın dördüncü hissəsində təsbit olunmuş Prezident andının otuz üç sözdən ibarət mətnini səsləndirdi.
Rusiya Federasiyasının dövlət himni səsləndikdən sonra Rusiya Prezidenti Dmitri Medvedev andiçmə nitqi söylədi. O bildirdi ki, bu vəzifədə var qüvvəsi ilə çalışacaqdır, Rusiyanın dünyada ən yaxşı, təhlükəsiz və ədalətli ölkəyə çevrilməsi uzun illər üçün nəzərdə tutulan strategiya və istiqamətdir. Prezident xüsusi vurğuladı ki, ölkə vətəndaşlarının hüquq və təhlükəsizliyinin təkcə qanunla deyil, həm də dövlət tərəfindən real surətdə təmin olunması üçün əlindən gələni edəcəkdir. Prezident Dmitri Medvedev onu daim şəxsən dəstəklədiyinə görə Vladimir Putinə xüsusi təşəkkürünü bildirdi.
Rəsmi andiçmə mərasimində 2000-dən çox qonaq iştirak edirdi. Mərasim Prezident alayının təntənəli marşı ilə başa çatdı.