SİYASƏT
Moskvada və Soçidə Qara dəniz Beynəlxalq Gənclər Forumu keçirilir
![Moskvada və Soçidə Qara dəniz Beynəlxalq Gənclər Forumu keçirilir](/files/2013/3/1200x630/14071451185484860009_1200x630.jpg)
Moskva, 8 noyabr (AZƏRTAC). Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Moskvada və Soçidə (Rusiya) keçirilən Qara dəniz Beynəlxalq Gənclər Forumunda iştirak edir.
Forumu Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurası Müstəqil Dövlətlər Birliyinin, Xaricdə yaşayan həmvətənlərin İşləri və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik ilə birgə keçirir.
Noyabrın 7-də Rusiya-Almaniya evinin binasında Qara dəniz Gənclər Forumu iştirakçılarının Rusiya gənclər təşkilatlarının nümayəndələri ilə “2014-2015-ci illər üçün birgə beynəlxalq layihələr” mövzusunda görüşü olmuşdur.
Tədbirə MDB və Aİ ölkələrinin ən böyük gənclər təşkilatları dəvət olunmuşdular. Xarici iştirakçılar arasında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin - RAGB-nin, “Gənclər Avropada ekologiya uğrunda” Beynəlxalq Gənclər Təşkilatının, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Assambleyasının, Bolqarıstan Milli Gənclər Forumunun, Demokratik Dəyişikliklər İnstitutunun (Gürcüstan) və başqa təşkilatların nümayəndələri olmuşlar.
Forum 2012-ci ildə Moldova Respublikası Gənclər Təşkilatlarının Milli Şurası tərəfindən başlanmış layihənin məntiqi davamı olacaqdır. Bütün əlaqədar tərəflərin (dövlət qurumlarının, milli və regional qeyri-hökumət təşkilatlarının) Qara dəniz regionunda əməkdaşlığı davam və inkişaf etdirmək istəyini aydın ifadə etməsi bu layihə nəticəsində mümkün olmuşdur.
Forum çərçivəsində Soçidə (Rusiya) regionda uzunmüddətli pozitiv əməkdaşlığın qurulmasında gənclər təşkilatlarının rolu haqqında təqdimat olacaqdır. Forumun ekspertləri və qonaqları Soçi şəhəri Administrasiyasının Gənclər Siyasəti İdarəsinin rəisi Andrey Bezrodnov, Rusia Coğrafiya Cəmiyyətinin Krasnodar Regional Şöbəsinin sədri, Abşeron Rayonu Sovetinin deputatı İvan Çayka, “Gənclər fəaliyyətdə” proqramı milli agentliyinin (Polşa) rəhbəri Tomak Bratek, Milli Şuranın sədri Qriqori Petuşkov olacaqlar.
Dörd iş günü ərzində forumun iştirakçıları layihənin həyata keçirildiyi bir il ərzində əldə olunmuş nəticələri müzakirə edəcək, Qara dəniz regionunda gənclərin çevikliyindən, qeyri-formal təhsilin keyfiyyətinin yaxşılaşdırılmasından, mədəniyyətlərarası ünsiyyət problemlərindən və imkanlarından danışacaqlar. Forumun yekunları üzrə Qara dəniz regionunda əməkdaşlıq və daimi fəaliyyət göstərən gənclər təşkilatları şəbəkəsinin yaradılması haqqında yekun memorandumu qəbul ediləcəkdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva