MÖVLANA CƏLALƏDDİN RUMİNİN 800 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS
Konfransı giriş sözü ilə açan Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor Yusif Rüstəmov Şərqin dahi şairi və filosofu Mövlana Cəlaləddin Ruminin dərin və mənalı fəlsəfi fikir və ideyaları, məntiqli mühakimələri, dünya elm və fəlsəfə xəzinəsini zənginləşdirən sanballı əsərləri barədə məlumat vermişdir. Vurğulamışdır ki, Mövlana Cəlaləddin Ruminin fikir dünyası tükənməz xəzinədir. Təsadüfi deyildir ki, YUNESKO 2007-ci ili Cəlaləddin Rumi ili elan etmişdir. Xatırladaq ki, mütəfəkkirin səkkiz yüz yaşı həmin ilin sentyabrında tamam olacaqdır.
Sonra Yusif Rüstəmovun “Mövlana Cəlaləddin Ruminin fikir dünyası”, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin “İslam bölgəsi fəlsəfi poeziyasının tədqiqinə dair”, Konyadakı (Türkiyə) Səlcuq Universiteti Mövlana Araşdırma və Uyğulama Mərkəzinin rəhbəri, doktor Nuri Şimşeklerin “Batı dünyasında Mövlana çalışmaları”, professor Ahmet Kazım Ürünün “Mövlanada optimist yaklaşım”, AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyevin “Mövlana Cəlaləddin Ruminin “Məsnəvisi” və s. mövzularda məruzələr dinlənilmişdir.
Qeyd edilmişdir ki, Rumi özünün poetik dühası ilə insanla Allah arasında qarşılıqlı əlaqə problemini həll etməyə cəhd göstərirdi. Mövlana özünü şair hesab etmirdi və göstərirdi ki, xalq şeiri daha yaxşı qəbul etdiyi üçün həyatının əsas mənası saydığı fikirləri poeziya vasitəsilə təbliğ edir. Buna baxmayaraq, o dahi bir şair olmuş və müxtəlif janrlarda şeirlər yazmışdır. Şərq ölkələrində, xüsusilə Türkiyə, İran, Pakistan, Hindistan və Əfqanıstanda Mövlana hamının tanıdığı və sevdiyi bir şairdir. Onun 2 min 900 beytdən ibarət “Məsnəvi”si dünya mədəniyyət xəzinəsinin nadir nümunəsidir. Adıçəkilən ölkələrdə XIV əsrdən başlayaraq geniş yayılmış “Məsnəvi” nüsxələri çoxaldılaraq oxunmuş və tədqiq edilmişdir. Çox sonralar Cami “Məsnəvi”ni “fars dilində yazılmış Quran” adlandırmışdır. Qərb dünyası Cəlaləddin Rumini XIX əsrin əvvəllərindən tanımağa başlamışdır. Mövlana 66 illik ömrünün son 45 ilini Türkiyənin Konya şəhərində yaşamışdır. Dünyanın heç bir ölkəsində Ruminin adı və şəxsiyyəti ilə bağlı Türkiyədə olduğu qədər iş görülməmişdir. Onun burada dəfn edildiyi “Yaşıl türbə” dövlət tərəfindən nəhəng muzeyə çevrildikdən sonra da ziyarətgah kimi hamını cəlb edir.
Konfransda Ruminin təsəvvüfü, hədisləri, əxlaq və qadın fəlsəfəsi, vəhdəti-vücud konsepsiyası, İ.V.Hötedə Rumi obrazı və digər məsələlər də müzakirə mövzusu olmuş, azərbaycanlı alimlərin sufi-filosof Ruminin bənzərsiz əsərlərinin təhlilini əks etdirən elmi araşdırmaları barəsində fikir mübadiləsi aparılmışdır.
Konfrans öz işini bölmələrdə davam etdirmişdir.