Müasir Azərbaycanın inkişafı Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir
Neftçala, 19 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib və Müstəqilliyin Bərpası Günü qeyd olunub.
Dəyirmi masada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, tarix elmləri üzrə fəlsəfə doktoru Sübhan Talıblı, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, veteran və qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dəyirmi masada çıxış edənlər bildiriblər ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın inkişafı Ümummilli Lider Heydər Əliyevin amalının təntənəsidir. Qeyd edilib ki, müstəqilliyimizin bərpasının 32-ci ildönümünü, həm də 44 günlük Vətən müharibəsinin, torpaqlarımızın azad edilməsinin 3-cü ildönümünü qeyd edirik.
Vurğulanıb ki, əldə edilən müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunması və müstəqilliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb.
Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx izlənilib.