“Müasir kənd təsərrüfatı modeli olan aqroparklarımızı tanıyaq” layihəsi çərçivəsində mediatur təşkil olunub
Yevlax, 7 iyun, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə aqroparklarda məhsul yığımına başlanması ilə əlaqədar “Müasir kənd təsərrüfatı modeli olan aqroparklarımızı tanıyaq” layihəsi çərçivəsində mediaturların təşkilinə start verilib.
AZƏRTAC xəbər verir ki, İZİA-nın təşkilatçılığı ilə media nümayəndələrinin “Azərşəkər” şirkətinə daxil olan “Dastan Agro” Aqroparkına tanışlıq səfəri təşkil edilib.
KİV nümayəndələri aqroparkda müasir texnologiyaların tətbiq edilməsi ilə yemlik, pivəlik arpa, ərzaqlıq buğda sahələrində gedən biçin işləri, biçilən sahələrdə innovativ texnologiyaların tətbiq edilməsi ilə heç bir torpaq işi aparmadan qarğıdalının səpilməsi prosesləri ilə tanış olublar.
Məlumat verilib ki, aqroparkın ərazisi ümumilikdə 1029 hektar təşkil edir ki, bunun 521,4 hektarında müasir suvarma sistemləri qurularaq 252,3 hektarında arpa, 269,1 hektarında buğda səpilib. Buğda sahəsinin 269,1 hektarı, arpa sahəsinin isə 222,3 hektarı pivotaltı suvarma sistemindən, 30 hektarı isə sprinkler vasitəsilə suvarılır. Aqroparkın ərazisində yetişdirilən pivəlik arpa Cənubi Qafqazda ilk olan “Promalt” arpa emalı zavoduna təhvil veriləcək.
Aqroparkda daimi olaraq 50 nəfər insan işlə təmin edilib. Aqroparkın ərazisində əkin və səpin işlərində müasir texnologiyalardan istifadə edilir. Belə ki, əkin prosesində “Mzuri” və “Horsch Pronto” texnikalarından, taxıl biçinində isə Almaniya istehsalı “Fendt” və Amerika istehsalı “John Deere” kombaynlarından istifadə edilir.
Qeyd edək ki, “Fendt” kombaynından ölkəmizdə ilk dəfə olaraq bu aqroparkın ərazisində aparılan taxıl biçinində istifadə edilir.