Mübariz Qurbanlı: Tolerantlığın Azərbaycan nümunəsi dünyada ən mükəmməl modellərdən biri kimi qəbul olunur
Bakı, 4 noyabr, AZƏRTAC
Biz birlikdə güclüyük. Birlikdə olduğumuza görə qarşımızda duran bütün məsələləri həll edə bilirik. Bu gün tolerantlığın Azərbaycan nümunəsi dünyada ən mükəmməl modellərdən biri kimi qəbul olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə keçirilən “Biz birlikdə güclüyük” mövzusunda konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.
O bildirib ki, bu gün dünyada həm tolerantlıq, həm də multikultural dəyərlərə sadiq olmaq olduqca vacibdir. “Hamımız görürük ki, hazırkı dövrdə dünyamız təhlükədədir. İnsanların həyatını itirməsi, baş verən münaqişələr bunu deməyə əsas verir. Təəssüf ki, belə hallar davam etməkdədir. Əlbəttə, bu münaqişələr təkcə dini deyil, müxtəlif aspektlərdə baş verir. Azərbaycan isə özünün tarixi keçmişi və ənənələri ilə dünyaya nümunə olacaq ölkələr sırasındadır. Biz böyük tarixi bir yol keçmişik. Ərazimizdə müxtəlif dinlərin nümayəndələri yaşamaqdadır. Ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaradıb. Bütpərəstlik, zərdüştlük, yəhudilik, xristianlıq, İslam və digər dini inanclar Azərbaycan ərazisində yayılıb”, - deyə komitə sədri vurğulayıb.
M.Qurbanlı əlavə edib ki, bu gün dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlıq Azərbaycan xalqının minilliklər boyu formalaşmış xarakterik xüsusiyyətidir. Tolerantlığın Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu sübut etmək üçün geniş tədqiqat aparılmasına ehtiyac yoxdur. Çünki əsrlər boyu Azərbaycanda kilsələr və sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərib, nəticədə Vətənimiz tolerantlıq mərkəzlərindən birinə çevrilib.