Müəllim peşəsini seçən gənclərin üzərinə böyük məsuliyyət düşür
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup fəal tələbə ilə görüşüb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Cəfər Cəfərov tələbələri Gənclər Günü münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Rektor qeyd edib ki, gənclər hər bir ölkənin, dövlətin gələcəyidir. Xüsusilə müəllim peşəsini seçən gənclərin üzərinə böyük məsuliyyət düşür. Buna görə gənclər müstəqil dövlətimizin qədrini bilməli, onu göz-bəbəyi kimi qorumalıdırlar.
Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev bildirib ki, görüşdə universitetin xüsusi nailiyyətləri ilə seçilən tələbələri iştirak edirlər. Bu gənclər müsbət fəaliyyətləri ilə özlərini təsdiq ediblər.
Sonda tələbələrə “İlin gənci” nominasiyası üzrə təşəkkürnamələr təqdim olunub.