Müəllimlərin peşəkar inkişafı üçün təlimlərin ikinci mərhələsinə start verilib
Bakı, 19 avqust, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəblərinin attestasiyasının nəticələrinə əsasən müəllimlər üçün təlimlərin ikinci mərhələsinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən təlimlər iki ay davam edəcək. Fortepiano, musiqi nəzəriyyəsi, tar, kamança, qarmon, xanəndə və nağara ixtisasları üzrə 70-dən çox müəllim proqramda iştirak edir.
Təlimlər Bakı şəhər Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbində və Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində təşkil olunur. Pedaqoji təcrübəyə malik mütəxəssislər tərəfindən keçirilən dərslərdə fərdi və qrup metodları, interaktiv modellər və müasir təhsil texnologiyaları tətbiq edilir.
Təlimlərin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov və sədr müavini Taleh Hüseynli müəllimlərlə görüşərək təşəbbüsün əsas məqsədinin bilik və bacarıqların artırılması, müasir tədris metodlarının mənimsənilməsi və peşəkar inkişafın dəstəklənməsi olduğunu bildiriblər.
Xatırladaq ki, may-iyul aylarında keçirilmiş ilk mərhələ üzrə təlimlərə 100-dən çox müəllim qatılıb.