Muğam Mərkəzində “Jazzery Voices” layihəsinin son konserti olub
Bakı, 7 noyabr, AZƏRTAC
Muğam Mərkəzinin səhnəsində Caz ifaçılarının Vətən müharibəsində tarixi Zəfərə həsr olunmuş “Jazz says Victory” adlı konserti olub.
AZƏRTAC xəbər verir ki, “Jazz says Victory” Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə keçirilən “Jazzery Voices” (“Caz səsləri”) silsilə tədbirlərinin son konserti olub.
Konsertdən əvvəl çıxış edən mədəniyyət naziri Anar Kərimov diqqətə çatdırıb ki, Zəfər həftəsi çərçivəsində təşkil edilən silsilə tədbirlərdə biz mədəniyyətin həm də ideoloji bir qüvvə olduğunu göstərməyə çalışırıq. 30 illik işğal nəticəsində bizim cənnət guşəmiz olan Qarabağ mədəni dəyərlərdən kənarda qalmışdı. Bizim məqsədimiz bu dəyəri və gücü Qarabağımıza qaytarmaqdır: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə bu prosesə başlanılıb. Bu yöndə müxtəlif layihələr həyata keçirilir. Biz Qarabağa ruhumuzu, kimliyimizi qaytaracağıq. Bu sırada caz sənəti də əsas yerlərdən birini tutur. Caz sənəti universal bir sənətdir. Musiqi özü universal gücdür və biz bu gücdən maksimum istifadə etməliyik. Bizim caz sənətimizin zəngin ənənələri var və bu ənənəni davam etdirməliyik”.
Nazir nitqinin sonunda tamaşaçıları Zəfər Günü münasibətilə təbrik edib.
Əməkdar mədəniyyət işçisi Rahib Azəri Bakı Musiqi Akademiyası və binasının yaranma tarixinin maraqlı faktlarını, caz sənətimizin inkişaf mərhələləri haqqında fikirlərini bölüşdükdən sonra konsert proqramı təqdim olunub.
Konsertdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin nəzdində “Baku Brass Bing Band”, Xalq artisti Salman Qəmbərovun “Bakustik caz”, “Bakuba Band”, Nicat Aslanovun “Forward Azerbaijan” kvarteti, Afşin Əlizadənin kvarteti, Arslan Növrəslinin caz heyətləri bir-birindən maraqlı nömrələrlə çıxış ediblər.
Öz möhtəşəmliyi ilə seçilən “Jazz says Victory” konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.