Mülki müdafiə kurslarında təxliyə planları və davranış qaydaları izah edilib
Bakı, 2 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzləri tərəfindən “2026-cı il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən mülki müdafiə kursları keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.
Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən ümumi təhsil orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri, Şimal RM tərəfindən gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər və xilasetmə manqa komandirləri, Gəncə RM tərəfindən kəşfiyyat manqa komandirləri, gənclərin çağırışadək hazırlığı üzrə rəhbərlər, hərbi müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Cənub RM tərəfindən xilasetmə manqalarının komandirləri, ümumi təhsil orta məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və yanğınsöndürmə manqalarının komandirləri üzrə mülki müdafiə kursları təşkil edilib. Eyni zamanda, Muğan RM tərəfindən təlim-tərbiyə üzrə direktor müavinləri, inzibati ərazi dairəsi nümayəndələr və ictimai təhlükəsizliyin mühafizəsi manqasının komandirləri, Şimal-qərb RM tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və gənclərin çağrışaqədərki hazırlığı üzrə rəhbərlər, Aran RM tərəfindən inzibati ərazi dairələri üzrə nümayəndələr, kəşfiyyat manqalarının komandirləri, ümumi təhsil orta məktəbləri, kollec və peşə liseylərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Qarabağ RM tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndələr kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.
Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah olunub, həmçinin mövzulara dair fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Yekunda kursları uğurla başa vuran dinləyicilərə şəhadətnamələr təqdim olunub.