MÜŞƏRRƏF MÜSƏLMANLARI TƏKMİLLƏŞMƏYƏ ÇAĞIRMIŞDIR
Prezidentin fikrincə, İslama münasibətdə zərərli stereotiplərin möhkəmlənməsində ən çox onun ardıcılları təqsirkardır. Bu isə o deməkdir ki, mənfi təzahürləri aradan qaldırmaq üçün özünütəkmilləşdirmə lazımdır.
İslam dünyası üçün bir çox vacib məsələlərə toxunan Prezident Müşərrəf bütövlükdə ümumi milli məhsulu təkcə Almaniyadakından az olan müsəlman ölkələrinin sosial-iqtisadi inkişafı sürətinin artırılmasının zəruriliyini vurğulamışdır. Pakistan Prezidentinin fikrincə, müsəlman dövlətlərinin modernləşdirilməsi korrupsiya ilə mübarizə, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi və qadınların hüquqlarının müdafiəsi kimi birinci dərəcəli problemlərin uğurla yoluna qoyulması sayəsində təmin edilə bilər.
Forumda 700-dən çox tanınmış ekspert, iqtisadçı, işgüzar dairələrin, habelə 57 dövlətin hökumət nümayəndələri iştirak etmişlər. İnkişaf etməkdə olan ölkələrdə bazarların inkişafına əngəl törədən maneələrin aradan qaldırılması forumun əsas müzakirə mövzusu olmuşdur. Forum iştirakçıları İslam dünyası ilə Qərb ölkələrinin iqtisadi münasibətlərinin inkişafı, üçünçü ölkələrin iqtisadiyyatına sərmayə qoymaq məsələlərini və bir sıra digər iqtisadi problemləri də müzakirə edirlər.