İDMAN
Mustafa Amazzal: Azərbaycan beynəlxalq yarışların təşkilində dünya üçün nümunədir
Bakı, 7 sentyabr, AZƏRTAC
42-ci Ümumdünya Şahmat Olimpiadası iştirak etdiyim olimpiadalar arasında ən yaxşısıdır. Burada həm şahmatçılar, həm də nümayəndə heyətləri üçün yüksək şərait yaradılıb. Azərbaycan beynəlxalq yarışların təşkilində dünya üçün nümunədir.
Bu fikri Mərakeş Şahmat Federasiyasının prezidenti Mustafa Amazzal AZƏRTAC-a müsahibəsində bildirib.
Azərbaycanda beynəlxalq tədbirlərin və yarışların uğurla keçirildiyini vurğulayan M.Amazzal Bakı Şahmat Olimpiadasının da yüksək təşkilatçılığı ilə diqqəti cəlb etdiyini bildirib. Qeyd edib ki, yarışlar zamanı nizam-intizam qaydalarına ciddi şəkildə əməl olunur. Bütün qonaqlar yaradılmış şəraitdən razıdırlar.
“Rusiya və Ukrayna komandaları hər zaman yüksək yerlər uğrunda mübarizə aparır. Ancaq Azərbaycan millisi də tam formalaşmış təcrübəli komandadır. Azərbaycan şahmatçıları üçün yaradılan şəraitin və bu cür yüksək səviyyəli təşkilatçılığın müqabilində milli komandalarınızın uğurla çıxış edəcəyinə inanıram”, - deyə qonaq qeyd edib.