Muxtar respublikada qanunvericiliyin tələblərini pozmuş 38 əcnəbi aşkarlanıb
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər oktyabr ayında da davam etdirilib.
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanaraq qanunvericiliyin tələblərinə uyğun barəsində müvafiq tədbirlər görülüb.
Oktyabr ayında Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 1187 müraciət daxil olub. onlardan 668-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 519 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 207-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.