Naftalanda şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksi istifadəyə verilib
Naftalan, 7 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış şəhidlərin xatirələrini əbədiləşdirmək məqsədilə Naftalan şəhərində bulaq kompleksinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirələrinə ucaldılmış Xatirə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abidə bulaq kompleksinin açılışında şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Abidənin üzərində qızılı hərflərlə tarixə düşən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin adları həkk olunub.
Çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan xalqı bu gün də şanlı Ordumuzun cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə söyləyir və fəxr edir. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandan cənab İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdarıq.
Sonda bulaq kompleksinin önündə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya dinlənilib.