Nardaranda “SOCAR”ın modul tipli yanacaqdoldurma stansiyası istifadəyə verilib
Bakı, 10 may, AZƏRTAC
Nardaran qəsəbəsində “SOCAR” brendli modul tipli yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “SOCAR PETROLEUM”a məxsus modul tipli YDS Nardaran qəsəbəsi dalan 31, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşir. “Sea Breeze Resort” ərazisindəki yanacaqdoldurma stansiyasında 2 yanacaqpaylayıcı kolonka quraşdırılıb. Bununla da həm kiçik, həm də iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb. Həmçinin YDS-də nağdsız satış üçün POS-terminallar da fəaliyyət göstərəcək.
Qeyd edək ki, yeni YDS-nin ərazisi seçilərkən həmin ərazidə yaşayan əhalinin yanacağa tələbatının yüksək olması əsas götürülüb. Yaxın zamanda yanacaqdoldurma stansiyasında müştərilər üçün bir sıra kampaniyaların keçirilməsi də nəzərdə tutulur.
Nardaranda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 48-ə çatdırılıb. Xatırladaq ki, onlardan 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir.