Narendra Modi: Hindistan yarımkeçiricilər istehsalında qlobal mərkəzə çevriləcək
Bakı, 1 mart, AZƏRTAC
Hindistan yarımkeçiricilər istehsalında qlobal mərkəzə çevriləcək və texnoloji cəhətdən özünü tam təmin etməyə daha da yaxınlaşacaq.
AZƏRTAC xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi bu barədə özünün sosial media hesabında yazıb.
“Hökumət yarımkeçirici istehsalı üzrə üç zavodun tikintisinə icazə verib. Bu, həm də ölkənin yarımkeçiricilər istehsalında qlobal mərkəzə çevrilməsini təmin edəcək”, - deyə Narendra Modi bildirib.
“Tata” və “Powerchip Taiwan” kompaniyaları tərəfindən Qucarat ştatında tikiləcək ilk zavod ayda təxminən 50 minə yaxın 28 nanometrlik mikroçiplər istehsal edəcək. Bu, hökumət tərəfindən təsdiqlənən üç layihədən ən böyüyüdür. Ona təxminən 11 milyard dollar investisiya yatırılacaq.
İkinci zavod Assam ştatında, “Tata” və Hindistanın “Test Pvt.Ltd.” kompaniyaları tərəfindən birgə inşa olunacaq. Yerli “CG Power”, Yaponiyanın “Renesas Electronics Corporation” və Tailandın “Stars Microelectronics” kompaniyaları isə Qucarat ştatının Sanand şəhərində oxşar istehsalat müəssisəsi quracaq.
Qeyd edək ki, yarımkeçirici istehsalı sənayesini inkişaf etdirməyə çalışan Hindistan hökuməti bu məqsədlə xarici kompaniyaları fəal şəkildə ölkəyə cəlb edir və onlar üçün əlverişli şərait yaradır. 2023-cü ilin iyununda Qucarat ştatı “Micron Technology” şirkəti ilə 3 milyard dollarlıq zavodun inşası ilə bağlı müqavilə imzalayıb.