“Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda tədbirlər keçirilib
Bakı, 19 dekabr, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə Xətai rayonundakı 138 saylı tam orta məktəbdə və Nərimanov rayonundakı Gültəkin Əsgərova adına məktəb-lisey kompleksinin 200 saylı tam orta məktəbində “Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə polis əməkdaşları, Bakı şəhəri Narkoloji Mərkəzin narkoloq həkimi, eləcə də Xəzər Universitetinin psixologiya departamentinin, Xəzər Psixoloji Xidmət Mərkəzinin və Peşəkar Psixoloqlar İctimai Birliyinin psixoloqları iştirak ediblər.
Polis idarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov çıxış edərək ölkə üzrə bütün təhsil müəssisələrində keçirilən belə tədbirlərin mahiyyətindən danışıb. O əsas məqsədin yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların sağlam həyat tərzinə təşviq edilməsi, o cümlədən erkən nikahın fəsadları barədə məlumatlandırılması olduğunu bildirib.
Şagirdlərə narkomaniyanın fiziki, psixoloji və ictimai təhlükələri, bu istiqamətdə hüquq-mühafizə orqanlarının apardığı qətiyyətli mübarizə tədbirləri, həmçinin erkən nikahın təhsildən uzaqlaşma və sosial fəsadlara səbəb olması barədə geniş məlumat verilib.
Sonda şagirdlərə sağlam təməlləri olan gələcək qurmaları, zərərli vərdişlərdən uzaq olmaları tövsiyə edilib, onları maraqlandıran suallar cavablandırılıb.