Narkomaniya və zorakılığa qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir
Bakı, 2 dekabr, AZƏRTAC
"Bu gün narkomaniya və zorakılığa qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir".
AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatının dəstəyi, "Liatris Holding"in təşkilatçılığı ilə keçirilən "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbirdə deyib.
“Narkomaniya və zorakılıq təkcə bir ailənin deyil, cəmiyyətin problemidir. Buna qalib gəlmək üçün mübarizə proqramları təşkil etmək və birgə fəaliyyət göstərmək lazımdır. Məsələn, mental sağlamlığı gücləndirmək. Bundan əlavə bu mübarizədə bütün təşkilatların və fərdlərin birgə çalışması vacibdir. Cəmiyyətimizi daha təhlükəsiz vəziyyətə gətirmək üçün birgə çalışmalıyıq. Ən əsası bu fəaliyyətdə vətəndaş dövlət həmrəyliyini qorumalıyıq”.
Kənan Zeynalov qeyd edib ki, Baş Prokurorluq narkomaniya və zorakılıqla mübarizədə əhəmiyyətli rola malikdir və bu yöndə qətiyyətli addımlar atır. Böyük prokuror K.Zeynalov çıxışının sonunda sözügedən hallarla bağlı vətəndaşlara müraciət edib:
“Hər bir şəxsdən xahiş edilir ki, bu cür hallarla qarşılaşdıqda mütləq dövlət qurumlarına müraciət etsin. Demək olar hər bir şəxsin sosial şəbəkə hesabı var. Həmçinin bütün qurumların sosial şəbəkə səhifəsi mövcuddur. Heç bir ağır prosedurdan keçmədən vətəndaşları narahat edən məsələləri aidiyyəti qurumlara çatdıra bilərlər”,- deyə K.Zeynalov nitqini yekunlaşdırıb.