NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 2002-ci ilin doqquz ayı ərzində respublikamızın ərazisində narkotiklərlə bağlı 1857 cinayət faktı qeydə alınmışdır.
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 63 kiloqram 973,3 qram narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, o cümlədən 3 kiloqram heroin, 5 kiloqram 620 qram tiryək, 3 kiloqram 930 qram həşiş, 36 kiloqram 592 qram marixuana, 1 kiloqram 500 qram xaşxaş, 500 həb /750 qram/ güclü təsiredici həb, 13 kiloqram 521,3 qram sirkə anhidridi götürülmüşdür.
Hüquq-mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə, daxilolma mənbələrinin aşkar edilməsinə qarşı mübarizəyə yönəltmişlər ki, bu da öz müsbət nəticəsini verir.
Təhlil dövründə bu növ cinayətlər törətdiklərinə görə 1473 şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur. Onlardan 5 nəfəri yetkinlik yaşına çatmayanlar, 86 nəfəri qadın, 446 nəfəri əvvəllər məhkum edilmiş şəxslərdir.
Ötən doqquz ayda bu növ cinayətlər törətmiş 43 xarici vətəndaş məsuliyyətə cəlb olunmuş, onlardan 4 kiloqramdan artıq narkotik vasitələr götürülmüşdür. Yaxalanmış əcnəbilərdən 31-i İran, 5-i Rusiya, 5-i Gürcüstan, 1-i Ukrayna, 1 nəfəri isə Əlcəzair vətəndaşıdır.
Həmin müddətdə 384 hektar sahədə qanunsuz əkilmiş və yabanı halda bitmiş 458 ton 681 kiloqram narkotik xassəli bitkilər aşkar edilərək məhv olunmuşdur. Respublika ərazisində “Xaşxaş-2002” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktika tədbirləri davam edir.