CƏMİYYƏT
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Bakı, 4 noyabr, AZƏRTAC
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib. Məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində DSX Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 16 kiloqram 220 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Belə ki, noyabrın 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:45-də ümumi çəkisi 5 kiloqram 715 qram narkotik vasitə marixuana, noyabrın 3-də saat 07:45-də isə ümumi çəkisi 10 kiloqram 505 qram narkotik vasitə (7 kiloqram 445 qram tiryək, 3 kiloqram 60 qram heroin) aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.