NATO AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Z.Əsgərov demişdir ki, Azərbaycan ilə NATO arasında 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” Proqramı imzalandıqdan sonra əlaqələrimiz dinamik inkişaf edir. Bu gün ölkəmiz NATO-nun bir çox tədbirlərində əsil tərəfdaş kimi iştirak edir. Azərbaycan Avratlantika Alyansı ilə əlaqələrin inkişafında və möhkəmlənməsində maraqlıdır və bunun üçün üzərinə düşən hər bir öhdəliyi yerinə yetirir. Antiterror koalisiyada da fəal iştirak edirik. Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri Kosovo, Əfqanıstan və İraqda sülhyaratma əməliyyatlarında iştirak edirlər. Milli Məclis ilə NATO Parlament Assambleyası arasında da münasibətlər istənilən səviyyəyə çatmışdır. Azərbaycan 1997-ci ildə assambleyaya müşahidəçi qismində qəbul olunmuşdur, 2002-ci ildən isə təşkilatın assosiativ üzvüdür. Bu, əlaqələrimizin inkişafına, Azərbaycanın layiqli tərəfdaş olduğuna əyani sübutdur. Lakin bütün bunlara baxmayaraq, əlaqələrimizin hərtərəfli inkişafına əngəl törədən səbəblər də vardır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün təhlükədir.
Sonra Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat vermiş, dünyada sülhün və əmin-amanlığın bərqərar olunmasında təminatçı rolunu oynayan NATO-nun rolunun artırılmasının vacibliyini vurğulamışdır.
Robert Simons demişdir ki, NATO da Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır və ölkədə gedən prosesləri diqqətlə izləyir. Ötən parlament seçkilərindən sonra atılmış mütərəqqi addımlar qurum tərəfindən yüksək qiymətləndirilir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.