NATO-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN PERSPEKTİVLƏRİ BÖYÜKDÜR
Nazir qeyd etmişdir ki, Azərbaycan NATO ilə fəal əməkdaşlıq edir, “Fərdi tərəfdaşlığın fəaliyyət planı” üzrə öhdəliklər uğurla yerinə yetirilir. Bizim məqsədimiz Avropa təhlükəsizlik strukturlarına inteqrasiya etməkdir. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Azərbaycan-NATO əlaqələrinin inkişafına maneçilik törədir.
Robert Simmons bildirmişdir ki, NATO-Azərbaycan münasibətlərinin perspektivləri böyükdür. “Fərdi tərəfdaşlığın fəaliyyət planı”nın yerinə yetirilməsi Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsinə təkan verəcəkdir. Azərbaycanın sürətli iqtisadi inkişafı, buna uyğun olaraq, müdafiə xərclərinin artması bu proqramın uğurla yerinə yetirilməsinə zəmin yaradır.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vurğulamışdır ki, NATO münaqişənin dinc yolla həllinə tərəfdardır.
General-polkovnik Səfər Əbiyev Ermənistanın beynəlxalq hüquq normalarını yerinə yetirmədiyini qonağın nəzərinə çarpdıraraq demişdir: “Beynəlxalq ictimaiyyət bu məsələdə Ermənistana təzyiq göstərməlidir. Əgər münaqişə sülh yolu ilə həll olunmasa, Azərbaycan ərazi bütövlüyünü özü bərpa edəcəkdir”.
Sonra tərəflər Cənubi Qafqazda mövcud hərbi-siyasi vəziyyət, Azərbaycan-NATO əməkdaşlığının perspektivləri, Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.