NATO AZƏRBAYCANDA FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN YARADILMASINI YÜKSƏK QİYMƏTLƏNDİRİR
Nümayəndə heyətinin ölkəmizdə keçirdiyi səmərəli görüşlər barədə məlumatı olduğunu bildirən nazir Kəmaləddin Heydərov, bu səfərin NATO-Azərbaycan əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayacağını vurğulamış, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Fövqəladə Hallar Nazirliyinin müasir dövrün tələbləri səviyyəsində formalaşdırılması sahəsində görülən işlərdən bəhs etmişdir.
Nazir demişdir ki, müasir dövrdə təbii və texnogen fəlakətlərin təhlükəsi, onların dağıdıcı nəticələrinin miqyası artdıqca əhalinin mühafizəsi ilə bağlı məsələlərin həlli də xüsusi əhəmiyyət kəsb edir. Fövqəladə Hallar Nazirliyinin yaradılmasının, buna qədər Azərbaycanda fövqəladə hallar baş verdikdə ayrı-ayrı orqanlar tərəfindən həyata keçirilən tədbirlərin, yaranan problemlərin dərhal aradan qaldırılması üçün görülən işlərin mərkəzləşdirilmiş qaydada yerinə yetirilməsi istiqamətində atılan ciddi addım olduğunu diqqətə çatdıran Kəmaləddin Heydərov, nazirliyin tərkibinə daxil olan strukturlar və onların fəaliyyət istiqamətlərindən danışmışdır. O, yeni nazirliyin müstəqil Azərbaycan dövlətinin əsas qurumlarından biri kimi öz funksiyaları daxilində həyata keçirəcəyi işlərin tezliklə nəticə verəcəyini, hazırlanan Əsasnamənin təsdiqindən sonra tam qüvvə ilə fəaliyyətə başlayacağını bildirmişdir.
Yeni təyinatı münasibətilə Kəmaləddin Heydərovu təbrik edən Robert Simmons, nazirə fəaliyyətində uğurlar arzulamışdır. Azərbaycanın NATO ilə bir çox sahələrdə geniş əməkdaşlıq etdiyini vurğulayan qonaq, əlaqələrin bugünkü səviyyəsindən razı qaldığını, münasibətlərin davamlı olaraq inkişaf edəcəyinə əminliyini diqqətə çatdırmış, dünyanın müxtəlif bölgələrində Şimali Atlantika Alyansının sülhməramlı əməliyyatlarında Azərbaycan nümayəndələrinin də fəal iştirakını yüksək qiymətləndirmişdir.
Azərbaycanda yeni yaradılan Fövqəladə Hallar Nazirliyinin əhəmiyyətindən danışan Robert Simmons, bu qurumun NATO-Azərbaycan əməkdaşlığının inkişafına yeni töhfələr verəcəyini söyləmişdir. Qonaq bir sıra mülki proqramların hazırlanmasında NATO-nun zəngin təcrübəsi olduğunu dilə gətirmiş, Azərbaycan tərəfinin də bu sahədə rəy və təkliflərinin həmin təcrübəni zənginləşdirəcəyinə inandığını demişdir.
Görüşdə bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.