Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası Nizami Gəncəvinin “Xeyir və Şər” tamaşasını səhnələşdirib
Naxçıvan, 10 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Xeyir və Şər” tamaşasını nümayiş etdirib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tamaşa 4 şəkilli pyes əsasında 1 pərdədə səhnələşdirilib. Quruluşçu rejissor Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, elmi məsləhətçi və səhnələşdirmə Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, musiqi tərtibatı universitetin İncəsənət fakültəsinin I kurs tələbəsi Qorxmaz Qoçəlizadə, səhnə tərtibatçıları isə fakültənin III kurs tələbəsi Sadiq Əliyev və Gəray Məmmədovdur.
Qeyd edək ki, Bəhram şah rolunda Naxçıvan Dövlət Universitetinin Musiqi müəllimliyi ixtisası üzrə IV kurs türkiyəli tələbə Emre Erik çıxış edib. Xeyir rolunu Aktyor sənəti ixtisası üzrə I kurs tələbəsi Xəlil Hüseynov, Şər rolunu isə həmin ixtisas üzrə I kurs tələbəsi Nurlan Qafarzadə oynayıb. Aktyor sənəti ixtisası üzrə tələbələrin üstünlük təşkil etdiyi tamaşada Rəngkarlıq, Bəstəkarlıq, Musiqi müəllimliyi və Müalicə işi ixtisasının tələbələri də yer alıblar.
Sonda universitetin rektoru Elbrus İsayev tamaşanı yüksək qiymətləndirərək uzun zaman sonra Tələbə Teatr Studiyasının uğurlu nəticəsi kimi dəyərləndirib. Rektor tamaşada qardaş ölkədən iştirak edən tələbələrin də fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, universitetdə oxuyan hər bir tələbə mədəni-mühitə inteqrasiya olmalıdır. Elbrus İsayev tamaşanın səhnələşdirilməsində iştirak edən hər kəsi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.