Naxçıvan Dövlət Universitetinin tələbələri Dövlət Baytarlıq Xidmətinin iş prosesi ilə tanış olublar
Naxçıvan, 1 mart, AZƏRTAC
Muxtar respublikanın Dövlət Baytarlıq Xidmətində Naxçıvan Dövlət Universitetinin təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq təbabəti ixtisasında təhsil alan tələbələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq keçirilən görüşdən əvvəl tələbələr xidmətin iş prosesi ilə tanış olublar.
Xidmətin tədris sinfində tələbələrə əyani olaraq heyvanların anatomik quruluşu izah edilib. Epizootiya əleyhinə mübarizə və müalicə-profilaktika sektorunun müdiri Şəmsəddin Nağıyev tələbələrə “Baytarlıqda laboratoriya işinin təşkili” mövzusunda mühazirə oxuyub.
Mərkəzin direktoru Qadir Fərhadov süni mayalanma istiqamətində görülən işlərdən və bu sahədə son dövrlərdə əldə olunan nailiyyətlərdən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamının icrası muxtar respublikada süni mayalanma işinə təkan verəcək, heyvandarlığın inkişafına şərait yaradacaq.
Sonra tələbələr baytarlıq vasitələri ilə əyani tanış olub, süni mayalanma avadanlıqlarına və laboratoriyadakı müayinə-müalicə vasitələrinə, cərrahi əməliyyat otaqlarına baxıblar.
Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov muxtar respublikada keyfiyyətli baytarlıq xidmətinin təşkili barədə məlumat verib. Bildirib ki, muxtar respublikada keyfiyyətli baytarlıq xidmətinin təşkili hər zaman diqqət mərkəzində saxlanılır. Bu sahədə lazımi infrastrukturun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi qısa müddətdə muxtar respublikanın hər bir bölgəsində mühüm baytarlıq tədbirlərinin həyata keçirilməsinə geniş imkanlar açıb. Bu gün Dövlət Baytarlıq Xidmətinin rayon, şəhər idarə və laboratoriyalarının mövcudluğu, həmçinin hər bir kənd mərkəzində baytarlıq məntəqələrinin fəaliyyəti səmərəliliyin artırılmasına şərait yaradır.