REGİONLAR
Naxçıvan şəhərində şəhid ailələrinə, qazilərə medal və vəsiqələr təqdim edilib
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Naxçıvan Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin azad edilməsi uğrunda şəhid olmuş, Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmiş şəxslərin ailə üzvlərinə və qazilərə medal və vəsiqələr təqdim olunması ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, bir neçə gün sonra ildönümünü böyük təntənə ilə qeyd edəcəyimiz Qələbəni xalqımızın igid oğullarına borcluyuq. Vətən müharibəsində Naxçıvan şəhərinin qəhrəman övladlarından 15 zabit və əsgərimiz də rəşadət göstərib və şəhidlik zirvəsinə yüksələrək tarixə öz adlarını yazıblar. Müharibəyə atılan igid oğullarımızdan şəhid mayor Həsənov Sadiq Əli oğlu və şəhid baş leytenant Zeynalov Elnur Elsevər oğlu “Qubadlının azad olunmasına görə”, şəhid baş leytenant Əlizadə Fuad Nazim oğlu “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, şəhid baş leytenant Hüseynov Raqib Adil oğlu “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, şəhid əsgər Qurbanov Xansu Elsevər oğlu “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə”, şəhid əsgər Məmmədov Araz Qəhrəman oğlu “Vətən uğrunda”, qazi Həsənov Hüseyn Azad oğlu “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunublar.
Tədbirin sonunda şəhid ailələrinə və qaziyə medal və vəsiqələr təqdim edilib.