NAXÇIVAN SƏHNƏSİNDƏ “ARAZ SAHİLİNDƏ DOĞAN GÜNƏŞ” TAMAŞASI GÖSTƏRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Həsənəli Eyvazlının “Araz sahilində doğan günəş” əsəri əsasında xalq artisti Kamran Quliyevin quruluş verdiyi eyniadlı tamaşa təqdim edilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov tamaşaya baxmışdır.
Azərbaycanda XX əsrin əvvəllərində gedən siyasi prosesləri tamaşada uğurla əks etdirən yaradıcı kollektiv 1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələrinin tarixi işığında ulu öndər Heydər Əliyevin 1992-ci ildə daha uzaqgörən bir siyasətlə bu müqavilələrə qayıdıb onu yenidən gündəmə gətirərək xalqın taleyini hərraca qoymaq istəyənlərə siyasi və tarixi bir dərs verdiyini qabarıq şəkildə göstərmişdir.
Əsər tarixi mövzuda olduğu üçün əsas qəhrəmanları da tarixi şəxsiyyətlərdir. Əsrin əvvəllərində Naxçıvanın taleyi ilə bağlı ciddi narahatlıq keçirən Nəriman Nərimanov, Mustafa Kamal Atatürk, Behbud ağa Şahtaxtinski, İbrahim Əbilov kimi tarixi şəxsiyyətlərin bu bölgənin statusunun müəyyənləşdirilməsi sahəsindəki fəaliyyətləri uğurlu səhnə həllini tapa bilmişdir.
Burada ermənilərin torpaq iddiaları, Stalinin və Çiçerinin onlara havadarlıq etməsi real tarixi faktlar əsasında təsvir olunur.
Tamaşada 1921-ci ildə Türkiyənin Azərbaycana dostluq, qardaşlıq köməyindən, Naxçıvan məsələsində heç bir güzəştə getməməsindən ətraflı bəhs olunur.
Əsas rollarda Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoy, əməkdar artistləri Xəlil Hüseynov, Rza Xudiyev, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Əli Əliyev və başqaları çıxış etmişlər.
Ali Məclisin sədri tamaşadan sonra yaradıcı kollektivi təbrik etmiş, onlara uğurlar arzulamışdır.