NAXÇIVANDA 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Doğma xalqımızın azadlığını, qeyrət və namusunu hər şeydən uca tutan şəhidlərin əziz xatirəsi yanvarın 20-də ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dərin ehtiram hissi ilə qeyd edilmişdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ayın 20-də Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki müqəddəs ziyarətgaha - Şəhidlər xiyabanına gəlmiş, oğul-övlad itkisinin niskilini əzəmət və qürurunda yaşadan vüqarlı “Ana abidəsi”nin önünə əklil qoymuşdur. Ali Məclisin sədri 1918-20-ci illərdə Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısını almaq üçün köməyə gələn Türk Ordusunun bu torpaqda şəhid olan əsgərlərinin əziz xatirəsinə ucaldılmış abidənin önünə də tər qərənfillər düzmüşdür.
Xatırladaq ki, 1990-cı ildə 20 Yanvar faciəsi Naxçıvanda Bakıdakı qanlı hadisələrdən səkkiz saat əvvəl başlamışdı. Ermənilərin Sədərəyə və digər sərhəd kəndlərinə hücumu Qanlı Yanvarın bu bölgədə ilk səhifəsini yazmışdır. Ali Məclisin sədri vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın məzarları önünə də tər qərənfillər düzmüşdür.
Muxtar Respublikanın nazirlik, komitə, baş idarə və şirkətlərinin, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyətin nümayəndələri şəhid məzarları önündən keçərək onların xatirəsini hörmətlə yad etmişlər.
Saat 12-də respublikamızın hər yerində olduğu kimi, Naxçıvanın Şəhidlər xiyabanında da canlarını vətən yolunda qurban vermiş igidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimin sonunda Ali Məclisin sədri və ziyarətə gələnlər naxçıvanlı rəssamların 20 Yanvar mövzusunda işlədikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Təkcə Naxçıvan şəhərində deyil, Muxtar Respublikanın ayrı-ayrı rayonlarında da 20 Yanvar faciəsinin 13-cü ildönümü münasibətilə anma mərasimləri keçirilmişdir.