Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 18 noyabr, AZƏRTAC
10-17 noyabr - Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışların qaliblərinin mükafatlandırılma mərasimi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Beynəlxalq Tələbə-Gənclər Həftəsinin tarixi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti və bu siyasətin ölkəmizdə bugünkü uğurlu davamı, əlamətdar həftə çərçivəsində muxtar respublikada keçirilən silsilə tədbirlər, yarış və müsabiqələr haqqında məlumat verilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən gənclər siyasəti nəticəsində Azərbaycan gənci müasirləşib, təkmilləşib, güclü intellektual potensiala çevrilib. Çağdaş ölkə gəncliyi həm də Böyük Zəfərin ən önəmli parçalarından biridir.
“Dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Gənclərin müxtəlif sahələrdə fəal iştirakına zəmin yaradılır, potensiallarının inkişafına dəstək göstərilir. Gənc nəslin təhsili, şəxsi inkişafı, işlə təminatı və sosial qayğılarının həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”, - deyən Ramil Hacı qeyd edib ki, gənc nəslin milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinə sövq edilməsi diqqət mərkəzində saxlanılır. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyəti muxtar respublika rəhbəri tərəfindən daim yüksək qiymətləndirilir, onlar fəxri adlar, xüsusi təqaüd və qiymətli hədiyyələr ilə mükafatlandırılırlar.
Nazir diqqətə çatdırıb ki, muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazası da xeyli möhkəmləndirilib. Bunun nəticəsidir ki, son dövrlər naxçıvanlı idmançıların ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda uğurları artır, muxtar respublikamız etibarlı idman təşkilatçısı kimi nüfuzlu yarışların ev sahibliyini davam etdirir. Bütün bu və digər amillər dövlətimizin başçısının yürütdüyü dövlət siyasətinin muxtar respublikada uğurlu icrasını təmin edən Ali Məclis Sədrinin səyləri, yorulmaz fəaliyyəti sayəsində mümkün olub.
Gənclər və idmançılar adından Ali Məclis Sədrinə minnətdarlıq edən Ramil Hacı gəncləri Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə təbrik edib.
Sonra mükafatlandırma mərasimi olub. Əvvəlcə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib gələn komandalar mükafatlandırılıb. Məlumat verilib ki, keçirilən oyunda Naxçıvan Müəllimlər İnstitutunun “Müəllimlər” komandası qalib adını qazanıb. Naxçıvan Dövlət Universitetinin “Paradoks” komandası ikinci, “Naxçıvan” Universitetinin “Yaşma 052” komandası isə üçüncü olub.
Naxçıvan Dövlət Texniki Kollecinin “Paxlavateam”, Naxçıvan Müəllimlər İnstitutunun “Təbəssüm” və Naxçıvan Dövlət Universitetinin “Karvan” komandaları ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazırcavablar klubları arasında keçirilən müsabiqədə uğur qazandıqları üçün səhnəyə dəvət olunublar. Ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında təşkil edilən tir idman növü üzrə muxtar respublika birinciliyinin, qız tələbələri arasında keçirilən badminton üzrə birinciliyinin qalibləri də Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə sevindiriliblər.
Sonra tələbələr arasında keçirilən stolüstü tennis üzrə birincilikdə qalib adını qazananlara mükafat təqdim olunub.
Əcnəbi tələbələr arasında keçirilən peyntbol üzrə birincilikdə ilk 3 pillədə qərarlaşan “Şahin” (Naxçıvan Dövlət Universiteti), “Naxçıvan-2” (“Naxçıvan” Universiteti) və “Naxçıvan-1” (“Naxçıvan” Universiteti) komandaları da müvafiq mükafatlara layiq görülüb.
Mükafatları gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun şöbə müdiri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev təqdim ediblər.