Naxçıvanda bu ilin birinci yarımilində baş verən hadisələrlə bağlı hesabat açıqlanıb VİDEO
Naxçıvan, 6 avqust, AZƏRTAC
Bu ilin birinci yarımilində həyata keçirilmiş əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək vədi ilə, habelə müxtəlif bankların adından istifadə olunmaqla kredit veriləcəyi bəhanəsi altında dələduzluq əməlləri törədərək pul vəsaitlərini mənimsəyən, eləcə də sosial şəbəkələr vasitəsilə qanunsuz onlayn qumar və kazino oyunlarının təşkilini həyata keçirən ümumilikdə 20 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin müddətdə Naxçıvan şəhərinin küçələrində quraşdırılmış texniki vasitələrlə 106 hadisə və yol hərəkəti qaydalarının pozulması ilə bağlı 12 min 69 hal aşkar edilib.
Həmçinin texniki nəzarət vasitələrinin köməyi ilə 231 yol-nəqliyyat hadisəsi, 3 yanğın, 12 avtoxuliqanlıq və 16 digər cinayət hadisəsi müəyyənləşdirilib.
Sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində keçirilən tədbirlərlə qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasında təqsirli bilinən 41 şəxs barəsində müvafiq tədbirlər görülüb.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 49 odlu silah, 21 tir silahı, 8 pnevmatik tapança, 2 tapança, 6 avtomat darağı, 2991 ədəd müxtəlif çaplı patron, 17 ədəd əl qumbarası, 2 partlayıcı və 1 qumbaraatan aşkar edilərək götürülüb.
Bununla yanaşı, “102” Xidməti-Zəng Mərkəzinə daxil olmuş 8 mindən çox müraciət operativ şəkildə cavablandırılıb, polis naryadlarının hadisə yerlərinə vaxtında yönləndirilməsi təmin edilib.
Mülki-hüquqi öhdəliklərin icrasından yayınan, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 961 nəfər müəyyən olunaraq saxlanılıb.
Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 49 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Vətəndaşların qəbulu zamanı 692 şəxsin müraciəti qanunvericiliyin tələblərinə uyğun araşdırılıb, qaldırılan məsələlərin həlli istiqamətində zəruri addımlar atılıb və vətəndaş məmnunluğunun təmin olunması diqqətdə saxlanılıb.
Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir, saxlanılan şəxslər barəsində məhkəmələrin qərarları ilə müvafiq qətimkan tədbirləri seçilib.
Müxbir - Nail Əsgərov