Naxçıvanda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib
Naxçıvan, 11 iyul, AZƏRTAC
İyulun 11-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan irsi" kitabının I cildinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimatdan öncə icra hakimiyyətinin foyesində təşkil edilən sərgi ilə tanışlıq olub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atır. “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” bu istiqamətdə strateji yol xəritəsidir. Prezidentin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır. Təqdimatı keçirilən “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabı da bu konsepsiyanın mühüm tərkib hissəsi, tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən qiymətli mənbədir.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəliyinin rəhbəri, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev və Qərbi Azərbaycandan olan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Bəhruz Məmmədov nəşrin əhəmiyyəti, məqsədi və aktuallığı barədə fikirlərini bölüşüblər.
Sonra “Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.