Naxçıvanda satınalma prosedurları öyrədilir
Bakı, 4 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) İnnovasiya Mərkəzində dövlət satınalmaları mövzusunda təlim təşkil edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 40-dan çox təşkilatın, o cümlədən NDU-nun əməkdaşları iştirak ediblər.
Palatadan AZƏRTAC-a bildirilib ki, təlimdə Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşı “Dövlət satınalmalarının auditi”, Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı isə “Dövlət satınalmalarında müşahidə olunan əsas çağırışlar və Dövlət Agentliyinin tövsiyələri” mövzusunda təqdimatla çıxış ediblər.
Çıxış zamanı dövlət satınalmaları sahəsində mövcud olan əsas problemlər, rəqabət mühitinin qorunması, şəffaflığın təmin olunması və satınalma prosedurlarında rast gəlinən nöqsanların aradan qaldırılması yolları ətraflı izah olunub. Vurğulanıb ki, satınalma prosesində qanunvericiliyin düzgün tətbiqi, texniki tapşırıqların dəqiq hazırlanması və iştirakçılar üçün bərabər imkanların yaradılması mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, təlimdə dövlət satınalmalarında audit prosesinin əhəmiyyəti, bu sahədə tətbiq olunan nəzarət mexanizmləri və auditin əsas mərhələləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, auditin əsas məqsədi dövlət vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdir.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.