REGİONLAR
Naxçıvanda şəhid övladlarına məktəbli ləvazimatları paylanılıb
Naxçıvan, 16 sentyabr, AZƏRTAC
“PAŞA Holding” və Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt” publik hüquqi şəxsi 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanların 18 yaşadək övladları üçün sosial dəstək proqramı həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, proqram çərçivəsində həmin övladlara yeni dərs ilinin başlanması münasibətilə məktəbli ləvazimatları təqdim olunub. Təqdimetmə “Naxçıvanpoçt”un əməkdaşlarının dəstəyi ilə həyata keçirilib. Belə ki, layihə çərçivəsində 44 günlük Vətən müharibəsində, Zəfərdən sonra və sentyabr təxribatları zamanı Naxçıvan Muxtar Respublikasından olan şəhidlərin 33 məktəbli övladı dərs ləvazimatları ilə təmin edilib.
Sosial dəstək proqramı “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsinin “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində həyata keçirilir.