Naxçıvanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin proqram təminatı hazırlanır
Naxçıvan, 28 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində torpaqların elektron kadastr uçotu informasiya sisteminin proqram təminatının hazırlanması istiqamətində görülən işlər müzakirə edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə komitənin sədri Müslüm Cabbarzadə çıxış edərək yeni yaradılacaq sistemın torpaqların uçotunun müasir tələblərə uyğun aparılmasına, məkan məlumatları infrastrukturunun formalaşmasına, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə zəmin yaratdığını bildirib. Komitə sədri qeyd edib ki, məqsəd təyinatından və mülkiyyət növündən asılı olmayaraq, muxtar respublika üzrə bütün kateqoriyalı torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq kadastr informasiya sisteminin və mükəmməl torpaq bankının yaradılmasını təmin etməkdir.
Diqqətə çatdırılıb ki, məlumatların yaradılacaq sistemə miqrasiya edilməsi məqsədilə mütəxəssislərlə birlikdə muxtar respublika üzrə vətəndaşların qanuni istifadəsində olan və torpaq islahatı zamanı onların mülkiyyətinə verilmiş torpaq sahələrinə və onların mülkiyyətçilərinə dair məlumatlar sistemləşdirilərək vahid formada yığılıb. Muxtar respublikanın inzibati ərazi bölgüsünün təsnifatı statistik kodlar üzrə məlumat bazası formasında hazırlanıb.
“R.İ.S.K.” Elmi İstehsalat Şirkətinin baş direktoru Cabir Cümşüdov bildirib ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işinin başa çatdırılması torpaqların hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasındakı mövcud olan uyğunsuzluqları aradan qaldırmağa imkan verəcək.
Sonra proqram təminatının hazır modullarının təqdimatı olub.