Naxçıvanda virus infeksiyalarına qarşı mübarizə tədbirləri davam etdirilir
Naxçıvan, 16 mart, AZƏRTAC
Muxtar respublikada virus infeksiyalarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu çərçivədə Naxçıvan şəhərinin mərkəzi prospektlərində, küçələrində, məhəllə və kəndlərində, ticarət mərkəzlərində, yanacaqdoldurma məntəqələrində, müəssisə və təşkilatlarında, mədəniyyət və təhsil müəssisələrində, xəstəxanalarında və digər yerlərdə dezinfeksiya tədbirləri aparılıb.
Dezinfeksiya tədbirləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin xüsusi qurğu quraşdırılmış 4 avtomobili, Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya qrupları vasitəsilə və Baytarlıq İdarəsinin 2 dezinfeksiya avtomobili vasitəsilə həyata keçirilib.
Əhalinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə dezinfeksiya tədbirləri muxtar respublikanın rayonlarında da davam etdirilib.