Naxçıvanda “Zəfərə gedən 20 il” mövzusunda tədbir keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Naxçıvanda muxtar respublikanın Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyi və Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş “Zəfərə gedən 20 il” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2023-cü ilin ölkəmiz, eləcə də muxtar respublika üçün əlamətdar hadisələrlə dolu bir il kimi başa çatacağını bildirib. Qeyd edilib ki, “Heydər Əliyev İli”ndə Naxçıvanda yeni siyasi idarəetmə sistemi tətbiq olunur. Muxtar respublikanın hərtərəfli inkişafına hesablanmış dövlət proqramı təsdiqlənib və yeni layihələrin reallaşdırılması üçün böyük maliyyə vəsaiti ayrılıb. Eyni zamanda, bu il suverenliyimizin tam bərpa olunmasının təntənəsini yaşayırıq. Bu uğurların təməlində dayanan cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyini böyük qürur və sevinclə qeyd edirik.
Ümummilli Liderimizin 2003-cü ildə müraciəti zamanı səsləndirdiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” ifadəsini xatırladan səlahiyyətli nümayəndə vurğulayıb ki, dövlətimizin başçısının ötən 20 ildə ata vəsiyyətini yerinə yetirməklə bu inamı doğruldub. Dövlət başçımızın müstəsna xidmətləri nəticəsində Azərbaycanda yeni reallıqlar, yeni platformalar yaranıb.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov çıxışında qeyd edib: “Ölkəmizdə son 20 ilin uğurları, tarixə yazılan möhtəşəm qələbələr deməyə əsas verir ki, dövlətimizin başçısı qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaqla Azərbaycanın timsalında “Güclü dövlət” konsepsiyasını reallaşdırıb”.
Baş nazir bildirib ki, ölkə Prezidentinin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında yeni idarəetmə formasının yaradılması, nümayəndəlik institutunun təsisi, struktur islahatlarının aparılması muxtar respublikanın inkişafında əhəmiyyətli rol oynayır.
Tədbirdə muxtar respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək, dövlətimizin başçısının 20 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolunun müxtəlif məqamlarına nəzər salıblar. Xüsusilə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə həyata keçirilən islahatların məqsədi iqtisadi səmərəliliyin və rifahın təmin olunması prinsiplərinə söykənir.
Sonda Naxçıvan televiziyasının hazırladığı “Zəfərə gedən 20 il” qısa filmi nümayiş etdirilib.