Naxçıvanlı şair Avrasiya Yazarlar Birliyinə üzv qəbul edilmişdir
Bakı, 16 may (AZƏRTAC). Naxçıvan Dövlət Universitetinin (NDU) «Qeyrət» nəşriyyatının direktoru, şair-publisist Vaqif Məmmədov bədii yaradıcılığı ilə təkcə muxtar respublikada və Azərbaycanda deyil, türk dünyasında da kifayət qədər tanınan qələm sahiblərindəndir.
NDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hələ sovetlər dönəmində 1983-cü ildə Özbəkistanda keçirilən «Daşkənd təranəsi» beynəlxalq şeir müsabiqəsinin qalibi olan şair Azərbaycanın müstəqilliyi dövründə öz yaradıcılıq üfüqlərini daha da genişləndirmiş, şeirləri müxtəlif dillərə tərcümə olunaraq Türkiyə, İran, İraq, Özbəkistan, Belarus, Ukrayna, Rusiya ilə yanaşı, Almaniya, Yunanıstan, Bolqarıstan, Pakistan, ABŞ kimi ölkələrdə də çap olunmuşdur.
Bu ölkələr içərisində qardaş Türkiyənin ayrıca yeri vardır. Hələ 1992-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən «Ümid körpüsü» adlandırılan Sədərək-Dilucu körpüsünün açılışında «Xoş gəldin Türküm, xoş gəldin» şeiri ilə çıxış edən şairin Türkiyə ədəbi mühiti ilə əlaqələri gün-gündən genişlənmiş, şeirləri Ankara, İstanbul, İzmir, Ərzurum, Qars, Bayburt, Elazığ, Ərdəhan və s. şəhərlərdə müxtəlif mətbu orqanlarında dərc edilmiş, yaradıcılığı haqqında məqalələr çap olunmuşdur.
Bu günlərdə Vaqif Məmmədovun ünvanına Ankaradan daha bir xoş xəbər gəlmişdir. O, təkcə Türkiyənin deyil, türk dünyasının ən nüfuzlu yaradıcılıq təşkilatlarından olan Avrasiya Yazarlar Birliyinə üzv qəbul edilmişdir.
Qeyd edək ki, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan Vaqif Məmmədov Avrasiya Yazarlar Birliyinə Naxçıvan Muxtar Respublikasından üzv qəbul edilən ilk nümayəndədir.