NAYORA yeni fəaliyyət istiqamətləri üzrə daha böyük nailiyyətlərə imza atmağı planlaşdırır
Bakı, 30 dekabr, AZƏRTAC
İyirmi beş il əvvəl - 1995-ci ildə 11 gənclər təşkilatının təşəbbüsü ilə təsis olunmuş Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ölkəmizin vahid gənclər platforması və aparıcı gənclər təsisatı olaraq sıralarında regional, milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Şura Azərbaycanın gənclər təşkilatlarının vahid əlaqələndirmə və əməkdaşlıq mərkəzi olmaqla, onların, eyni zamanda, gənclər təşkilatlarının beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur və hazırda 133 gənclər təşkilatını əhatə edir.
NAYORA-nın sədri Azər Əliyev AZƏRTAC-a müsahibəsində başa çatmaqda olan ildə qurumun gənclər sahəsində gördüyü işlərdən danışıb. Qeyd edib ki, Gənclər Təşkilatları Milli Şurası fəaliyyətində gənclərin bilik və bacarığının demokratik dövlət quruculuğu işlərinə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına yönəltməyi əsas vəzifə kimi qarşıya qoyur. O, başa çatmaqda olan ildə gənclər təşkilatlarının öz fəallıqları ilə seçildiklərini vurğulayaraq deyib: “Hələ ilin əvvəlində Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi barədə Sərəncamı ölkəmizdə gəncliyin, könüllülüyün yeni, daha məhsuldar mərhələyə qədəm qoymasının təsdiqi oldu. “Könüllülər ili” çərçivəsində bu sahənin təbliği və daha da inkişafı ilə bağlı müxtəlif forum, tədbir, konfranslar planlaşdırıldı. Pandemiyanın başlamasının işimizdə çətinliklər yaratmasına baxmayaraq, bütün sahələrdə fəal mövqedən çıxış edən gənclərimiz koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması ilə mübarizədə də həmişə olduğu kimi ön cərgədə yer aldılar”.
Qurumun sədri istər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, istərsə də küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında gənclərin böyük həvəslə iştirak etdiklərini vurğulayıb.
O vurğulayıb ki, Şura gənclər təşkilatlarının onlayn fəaliyyətində səmərəliliyi artırmaq üçün onlarca vebinar keçirib. İstər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə ölkəmizin maraqlarının təmsil olunması, beynəlxalq təşkilatlarla iş, təmsilçilik istiqamətində təşkilatların daha yaxşı fəaliyyəti üçün bir sıra məqsədyönlü işlər görülüb: “Bu fəaliyyətin uğurlu nəticəsi olaraq, pandemiya dövründə gənclər təşkilatlarımız tərəfindən beynəlxalq donorlardan təqdim etdiyimiz 5 layihənin həyata keçirilməsi üçün müsbət cavab aldıq. Hesab edirəm ki, bu gün də biz beynəlxalq müstəvidə fəaliyyətimizi daha da güclü şəkildə davam etdirməliyik”.
Azər Əliyev gənclərimizin könüllülük fəaliyyətinin İkinci Qarabağ müharibəsinin başlaması ilə daha da fəallaşdığını, onların həm ön, həm də arxa cəbhədə geniş şəkildə mübarizəyə başladığını bildirib: “Ordumuz cəbhədə tarixi qələbə qazanarkən virtual müharibə əsgərləri isə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün böyük səylə fəaliyyət göstərdilər. Vətən müharibəsi zamanı gənclərin təşkilatlanmasında və Qarabağ həqiqətlərinin xarici auditoriyaya ötürülməsində gənclər təşkilatları mühüm rol oynadılar. Belə ki, beynəlxalq təşkilat və qurumlara ünvanlanmış bəyanatlar, “Twitter”də günlərcə #KarabakhisAzerbaijan həştəqinin trenddə qalmasına dəstək olan, haqq səsimizin dünyaya çatdırılmasında fasiləsiz çalışan gənclər təşkilatlarımız yeni tariximizin yazılmasına öz töhfələrini vermiş oldular. Hesab edirəm ki, ölkəmiz dünya hərb tarixində müharibəyə yeni dəst-xətt gətirdiyi kimi, dünya çapında könüllülüyə də yeni dəst-xətt gətirə bildik. İşindən, yaşından, məkanından asılı olmayaraq hər bir soydaşımız birlik nümayiş etdirdi”.
NAYORA-nın sədri informasiya müharibəsinin bitmədiyini, dünya informasiya fəzasında Azərbaycanın öz yerini müəyyən edərək daha da möhkəmlənməsi üçün gənclər təşkilatlarının daha da fəal olmasının vacibliyini vurğulayıb: “Gənclər təşkilatları informasiya müharibəsində fəal olmalı, Azərbaycan həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çatdırılması üçün fəaliyyətlərini daha da genişləndirməlidirlər. Həqiqətlərimizlə bağlı rəsmi mənbələrin paylaşdığı bütün məlumatları sosial şəbəkələrdə, bloqlarda yaymağa davam etməliyik”.
Azər Əliyev qeyd edib ki, Şura, eləcə də gənclər təşkilatları Qarabağa böyük qayıdış gününü böyük səbirsizliklə gözləyirlər: “Vətəninə bağlı hər bir azərbaycanlının bir arzusu, amalı var idi: İşğal olunmuş torpaqlarımızın azad olunması. Artıq tarixi qələbəmiz bizi arzularımıza qovuşdurub. Bu yaxınlarda yəqin ki, hər bir kəs sosial şəbəkələrdə Şuşada, Cıdır düzündə əsgərlərimiz üçün təşkil olunmuş konsertin videogörüntülərini böyük qürur və fəxrlə izləyiblər.
Dəfələrlə gənclər təşkilatlarının nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər barədə təklif və arzularını dilə gətiriblər. Otuz ildir planlaşdırılan layihələrin Qarabağımızda həyata keçiriləcəyi düşüncəsi gənclərin fəaliyyətini daha da stimullaşdırır və onlar ölkəmizin inkişafı, xüsusilə Qarabağın tərəqqisi üçün qətiyyətlilik və əzmkarlıq nümayiş etdirirlər. Artıq bir sıra fəal gənclər təşkilatları Qarabağla bağlı yeni layihələri ictimaiyyətə təqdim ediblər.
Qarabağla bağlı layihələrin icrası Milli Şura üçün də olduqca prioritet məsələdir. Düşünürəm ki, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə düzgün təbliği istiqamətində həyata keçiriləcək layihələrimiz olduqca böyük rol oynayacaq”.
NAYORA-nın qarşıdan gələn ildə yeni fəaliyyət istiqamətləri üzrə daha da böyük nailiyyətlərə imza atmağı planlaşdırdığını bildirən A.Əliyev beynəlxalq arenada Azərbaycan gəncliyinin uğurlu və davamlı təmsilçiliyinin qurum üçün əsas istiqamətlərdən olduğunu bildirib. O, region gənclərinin inkişafı üçün layihələrin təkcə paytaxt Bakını deyil, digər regionları da əhatə etməsinə bu il də xüsusi diqqət göstəriləcəyini qeyd edib.
Azər Əliyev sonda xalqımızı tarixi qələbə və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşən Azərbaycan xalqını rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbə və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Gücümüz birliyimizdədir”.