Nazir: Birinci rübdə dövlət büdcəsinin mədaxil göstəriciləri artıqlaması ilə yerinə yetirilib
Bakı, 15 aprel, AZƏRTAC
Cari ilin birinci rübü üzrə dövlət büdcəsinin mədaxil göstəriciləri artıqlaması ilə yerinə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib. Nazir bildirib ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin xətti ilə 2 milyard 40 milyon manat - proqnoz göstəricisindən 221 milyon manat və ya 12,2 faiz çox vergi və rüsumlar yığılıb, Dövlət Gömrük Komitəsinin xətti ilə 991 milyon manat - proqnoz göstəricisindən 91 milyon manat və ya 10,1 faiz çox gömrük rüsumları və idxal vergisi təmin edilib. Ümumilikdə, dövlət büdcəsinin 2020-ci ilin birinci rübündəki gəlirləri 5 milyard 748 milyon manat proqnoza qarşı 35,9 faiz və ya 2 milyard 63 milyon manat artıq icra olunaraq 7 milyard 811 milyon manat təşkil edib. Dövlət büdcəsinin xərcləri isə 5 milyard 255 milyon manat məbləğində və ya proqnoza qarşı 100,8 faiz icra olunub. Nəticədə dövlət büdcəsində 2 milyard 556 milyon manat profisit yaranıb. Profisitin 1 milyard 793 milyon manatı Dövlət Neft Fondunun dövlət büdcəsinə proqnozdan artıq transfertinin payına düşür. Dövlət Neft Fondunun proqnozdan artıq daxil olmuş transfertin məbləği nəzərə alınmadan belə cari ilin birinci rübünün profisiti 763 milyon manat təşkil edib.