İQTİSADİYYAT
Nazir: Ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalıb
Bakı, 15 aprel, AZƏRTAC
Ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
Nazir qeyd edib ki, qeyri-neft ümumi daxili məhsulunun 3,5 faiz səviyyəsində artımına nail olmuşuq. Qeyri-neft sənayesində artım 23 faiz təşkil edib. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, kənd təsərrüfatı sahəsində 3,7 faiz artım olub. Elektrik enerjisi, o cümlədən qaz-buxar istehsalı 17 faiz və yükdaşımaları 7,2 faiz artıb. Xarici ticarətə gəldikdə, ümumilikdə, qeyri-neft ixracımız rüb ərzində bir faiz azalıb. Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4 faiz artıb. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artıb. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalıb. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalıb.