Nazir müavini Vətən müharibəsi şəhid Mixail Həmidovun ailəsini ziyarət edib
Bakı, 6 noyabr, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Zəfərimizin qəhrəmanlarından biri olan baş leytenant Mixail Həmidovun ailəsini ziyarət edib, Vətən müharibəsi şəhidinin övladları - Mədinə, Yusif və Mələklə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Füzuli rayonunun azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Mixail Həmidov Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
H.Abdullayev ailənin, şəhidin uşaqlarının qayğıları ilə maraqlanıb. Nazir müavini torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi, Vətənimizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın, həmçinin şəhid baş leytenant Mixail Həmidovun xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.
Nazir müavini hər bir şəhid ailəsinin dövlətin qayğısı ilə əhatə olunduğunu, bu istiqamətdə dəstək tədbirlərinin həyata keçirildiyini qeyd edib. Bundan sonra da şəhid ailələrinin, onların övladlarının sosial vəziyyətinin daim diqqətdə saxlanacağını bildirib.
Məlumata əsasən, bu günədək şəhidin ailəsinə birdəfəlik sığorta ödənişi edilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü və ailə başçısını itirməyə görə pensiya təyin olunub. Nazirlik tərəfindən bu ilin may ayında şəhidin ailəsi 3 otaqlı mənzillə təmin edilib.