NAZIRLAR KABINETI - QARARLAR
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 7 avqust tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi 2002-ci il 10 dekabr tarixli 192 nömrəli qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi işçilərinin ştat sayı 500 vahid müəyyən edilmişdir.
Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsinə daha əlverişli şəraitin yaradılması və elmi mütəxəssislərin işə cəlb edilməsini stimullaşdırmaq üçün AMEA-nın Naxçıvan bölməsinin institutlarında vəzifə maaşlarına Milli Elmlər Akademiyasının institutlarındakı müvafiq maaşlara nisbətən 2 dəfə artım əmsalı tətbiq olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi sədrinin aylıq vəzifə maaşı 1500.0 min manat, sədrin müavini - akademik katibin aylıq vəzifə maaşı 1200.0 min manat, bölmə aparatının digər işçilərinin aylıq vəzifə maaşları isə “Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanları işçilərinin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 29 yanvar tarixli 28 nömrəli qərarının 1 nömrəli əlavəsinin 1-ci hissəsinə və 5 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın Naxçıvan bölməsinin fəaliyyətinin təşkili üçün lazımi tədbirlər görməli və bu qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.
Bu qərar 2003-cü il yanvar ayının 1-dən qüvvəyə minir.
X X X
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi 2002-ci il 10 dekabr tarixli 193 nömrəli qərara əsasən dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartları təsdiq edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.