NAZİRLƏR KABİNETİ 2005-Cİ İL ÜÇÜN DÖVLƏT BÜDCƏSİNİN LAYİHƏSİNİ BƏYƏNMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iqtisadi inkişaf naziri Fərhad Əliyev və maliyyə naziri Əvəz Ələkbərov iclasda çıxış edərək, 2004-cü ilin dövlət büdcəsinin icra vəziyyəti, gələn ilin dövlət büdcəsinin parametrləri haqqında məlumat vermişlər. Bildirilmişdir ki, büdcə layihəsi və büdcə-vergi siyasəti ortamüddətli maliyyə siyasətinin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəricilərinə, yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına, ölkə iqtisadiyyatının, ayrı-ayrı sahələrin, sahibkarlığın inkişafını təmin edən müvafiq fərman və sərəncamların tələblərinə uyğun hazırlanmışdır. Xüsusi vurğulanmışdır ki, büdcə vasitəsilə həyata keçiriləcək kompleks tədbirlər, əsasən, qeyri-neft bölməsinə dövlət qayğısının artırılmasına, dövlət büdcəsinin sosial və investisiya yönümlüyünün təmin edilməsi yolu ilə məşğulluğun səviyyəsinin yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına, ixrac təyinatlı məhsul istehsalının təşviqinə yönəldilmişdir.
Məlumat verilmişdir ki, bu ilin büdcəsinin xərcləri 95,6 faiz icra edilmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 671 milyard manat və ya 18,6 faiz çoxdur. 2005-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun (ÜDM) 19,6 faizi həcmində - 9 trilyon 390 milyard manat (2004-cü ilin proqnozuna nisbətən 24,9 faiz çox), xərcləri isə ÜDM-in 20,9 faizi həcmində - 9 trilyon 969 milyard manat (2004-cü ildəkindən 2 trilyon 136 milyard manat çox) proqnozlaşdırılır. Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulan ayırmanı 27 faizdən 22 faizə endirmək, xam neftin 1 barrelinin satış qiyməti 25 ABŞ dolları səviyyəsində nəzərdə tutulur.
Sonrakı üç il üçün icmal büdcəsinin proqnozlaşdırılan göstəriciləri barədə də məlumat verilmişdir.
Nazirlər əmin olduqlarını bildirmişlər ki, yeni dövlət büdcəsi ölkənin dinamik inkişafında, əhalinin rifahının yüksəldilməsində böyük rol oynayacaqdır.
Baş nazir A.Rasizadə iclasa yekun vurmuşdur. Maliyyə Nazirliyinin hazırladığı “Azərbaycan Respublikasının 2005-ci il üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihələri və sonrakı üç il üçün icmal büdcəsinin göstəriciləri”, İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2005-ci il və gələn üç il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilmiş, həmin sənədlərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır.