NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
İyulun 19-da baş nazir Artur Rasizadə Özbəkistan hökuməti sədrinin müavini Rüstəm Yunusovu qəbul etmişdir.
Artur Rasizadə qonağı salamlayaraq bildirdi ki, hazırda Azərbaycanda birgə fəaliyyət üçün yaxşı şərait yaradılmışdır. Ölkəmiz son illərdə mühüm nailiyyətlərə nail olmuşdur. Genişmiqyaslı iqtisadi islahatlar yolu ilə iqtisadiyyatın inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində məqsədyönlü siyasət aparılır ki, bu da ölkələrimiz arasında ticarət-iqtisadi münasibətlərə öz təsirini göstərir. Həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının bütün sahələrində özəl sektorun inkişafını təmin etmişdir. Hazırda Azərbaycan dünyanın 140 ölkəsi ilə ticarət əlaqələri saxlayır.
Baş nazir Azərbaycan-Özbəkistan birgə komissiyasının işi barədə danışaraq dedi ki, ümumi tarixi kökləri, habelə mədəni və mənəvi dəyərləri nəzərə alaraq, biz əldə olunmuş nailiyyətlərlə arxayınlaşmamalı, çoxcəhətli əməkdaşlığımızın bütün sahələrində qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldilmiş böyük səylər göstərməliyik.
Rüstəm Yunusov səmimi qəbula görə minnətdarlığını bildirərək dedi ki, ölkələrimiz arasında bütün sahələrdə - iqtisadiyyat, humanitar, elm, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrində əlaqələr mövcuddur. İkitərəfli əməkdaşlığın inkişafı üçün lazımi baza yaradılmışdır. Bununla belə, əməkdaşlığı genişləndirmək və möhkəmləndirmək lazımdır.
Nazirliklər və baş idarələr ikitərəfli əlaqələrin möhkəmlənməsinə və inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə kömək edəcək hüquqi bazanı genişləndirmək istiqamətində əlavə tədbirlər görməlidirlər.