NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə Niderlandın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Xossesi onun xahişi ilə qəbul etmişdir.
Ölkəmizdə diplomatik misiyasını başa çatdıraraq vətənə dönməsi ilə əlaqədar baş nazirlə vidalaşmağa gəldiyini deyən cənab Xosses respublikamızda ona göstərilən diqqət və qayğıya görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirdi. Səfir əminliklə vurğuladı ki, Azərbaycanın Niderlandla əlaqələri hər iki tərəfin maraqlarına uyğun olaraq bundan sonra daha da inkişaf edəcəkdir.
Baş nazir Artur Rasizadə ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da yaxşılaşdırılması prosesində fəal iştirakına və səmərəli fəaliyyətinə görə cənab Xossesə təşəkkürünü bildirdi, diplomata gələcək işlərində müvəffəqiyyətlər arzuladı.
X X X
Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə Rumıniyanın Sənaye və Təbii Ehtiyatlar Nazirliyinin Dövlət katibi cənab Andreu Qriqoreskunun başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimiyyətlə salamlayan baş nazir Azərbaycanla Rumıniya arasında ikitərəfli iqtisadi əlaqələrin davam etdirilməsinin zəruriliyini vurğuladı. Qarşılıqlı münasibətlərin inkişafı üçün belə səfərlərin böyük əhəmiyyət daşıdığını söyləyən baş nazir Rumıniya ilə faydalı işbirliyi qurulmasını müsbət dəyərləndirdiyini və bunun üçün Azərbaycan hökuməti tərəfindən lazımi kömək göstəriləcəyini nəzərə çarpdırdı.
Səmimi qəbula görə təşəkkür edən cənab Andreu Qriqoresku onunla birgə respublikamıza Rumıniyanın iri şirkətlərinin rəhbərlərinin də gəldiyini xatırladaraq, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın qurulması məqsədi ilə keçirilən görüşlər və aparılan danışıqlar barədə ətraflı məlumat verdi. O bildirdi ki, Rumıniyanın iş adamları azərbaycanlı həmkarları ilə xüsusən qeyri-neft sahələrində, o cümlədən maşınqayırma, neft avadanlığı istehsalı, toxuculuq, mebel sənayesi və digər istiqamətlər üzrə birgə müəssisələr yaratmaq, yeni iş yerləri açmaq arzusundadırlar.
Qəbulda tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.