SİYASƏT
NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Sentyabrın 28-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə Rusiya Federasiyası əmək və sosial inkişaf naziri Aleksandr Poçinoku qəbul etmişdir.
Qəbula görə Azərbaycanın baş nazirinə səmimi təşəkkürünü bildirən Aleksandr Poçinok son illər Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın daha intensiv xarakter almasından məmnun qaldığını bildirdi, bu baxımdan sosial inkişafla bağlı bir sıra vacib məsələlərin qarşılıqlı həlli üçün də əlverişli şəraitin yarandığını qeyd etdi. Vətəndaşların pensiya təminatı əhalinin sağlamlığının mühafizəsi, əlillərin reabilitasiyası və digər məsələlərə dair mövcud sazişlərin ikitərəfli əlaqələrin tənzimlənməsi üçün münbit hüquqi baza olduğunu vurğulayan Aleksandr Poçinok daha sonra Bakıya səfəri zamanı keçirdiyi görüşlər və apardığı danışıqlar haqqında baş nazirə ətraflı məlumat verərək, Azərbaycanlı həmkarları ilə əmək, məşğulluq, pensiya təminatı, miqrasiya, tibbi sığorta, kadr hazırlığı və digər istiqamətlər üzrə geniş fikir mübadiləsi apardığını bildirdi. Qonaq Azərbaycanda həyata keçirilən sosial yönümlü islahatların müsbət nəticələrindən xəbərdar olduğunu söyləyərək, Rusiya Federasiyasında da bu istiqamətdə kifayət qədər təcrübə toplandığını xatırlatdı.
Baş nazir Artur Rasizadə ümumiyyətlə, sosial məsələlərin hər zaman aktual mahiyyət kəsb etdiyini bildirərək, külli miqdarda qaçqın və məcburi köçkünün, müharibə əlilinin, aztəminatlı ailələrin və pensiyaçıların vəziyyətini yaxşılaşdırmaq üçün ölkəmizdə daim əməli tədbirlər görüldüyünü vurğuladı. O qeyd etdi ki, beynəlxalq maliyyə qurumları ilə birgə respublika hökuməti yoxsulluğun azaldılması proqramı çərçivəsində əhalinin sosial problemlərinin həlli, yeni iş yerlərinin açılması, əmək haqqının və digər ödənişlərin artım tempinin surətləndirilməsi məsələlərini daim öz nəzarətində saxlayır. Sonra hər iki ölkədə bu sahələrdə böyük təcrübə toplandığı barədə qonağın fikirləri ilə razılaşan baş nazir Artur Rasizadə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsinin vacibliyini nəzərə çarpdırdı.