İQTİSADİYYAT
Nazirlik: Qeydiyyata alınmış vergiödəyicilərinin sayı artıb
Bakı, 13 fevral, AZƏRTAC
Cari ilin yanvarında qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı 9 min 829 (1122 hüquqi şəxs, 8 min 707 fiziki şəxs) olub, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,1 faiz çoxdur.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, qeydiyyatdan keçmiş vergiödəyicilərinin 48,9 faizi regionların payına düşüb. Bununla da, bu il fevralın 1-nə vergi orqanlarında qeydiyyatda olan ödəyicilərin ümumi sayı 979 min 330-a çatıb. Həmçinin ay ərzində 1083 kommersiya hüquqi şəxsin 63,7 faizi, 8 min 707 fiziki şəxsin isə 3,3 faizi qeydiyyatdan elektron qaydada keçib.
Yanvarda qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4 min 332 olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur. Nəzarət kassa aparatlarının (NKA) sayı 2 min 293, POS-terminalların sayı isə 890 olub, bu da ötən ilin ilk ayı ilə müqayisədə müvafiq olaraq 82,7 faiz və 26,8 faiz çoxdur.